03 Dekabr 2021 Cümə 10:47:16

İstehlakçı hüquqlarının qorunmasında sahibkarların rolunu müəyyən edərək bu sahədə daha effektiv nəticə qazanmaq məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti iri şirkətlərin nümayəndələri ilə görüşləri davam etdirir.

Növbəti görüş mebel istehsalı və satışını həyata keçirən iri bazar iştirakçıları ilə baş tutub.

Görüşdə mebel istehsalı və satışı ilə əlaqədar cari ildə Dövlət Xidmətinə daxil olan istehlakçı müraciətləri müzakirə edilib. Vurğulanıb ki, şikayətlərin böyük hissəsi qüsurlu mal kateqoriyasına aiddir. Müzakirə zamanı həmçinin, sifarişlə mebel hazırlanarkən istehlakçılarla müqavilələrin bağlanması, malların çatdırılması və quraşdırıldıqdan sonra təhvil-təslim aktının tərtibi, sifarişlərin müqavilədə nəzərdə tutulan vaxtda və formada tam icra edilməsi və quraşdırmanın qüsurlu aparılmasından irəli gələn məsələlərə diqqət yetirilib.

Görüşdə həmçinin, Dövlət Xidməti tərəfindən vətəndaş müraciətləri ilə bağlı şirkətlərə ünvanlanan sorğulara qısa müddətdə və ətraflı cavab verilməsi məsələsi qaldırılıb. Qeyd edilib ki, ötən dövrə nəzərən müsbət tendensiyalar müşahidə olunsa da, bəzi sahibkarların sorğulara formal yanaşaraq onları ətraflı cavablandırmaması kimi problemlər də qalmaqdadır. Bildirilib ki, müraciətlərin ədalətli araşdırılması yalnız sahibkarların və istehlakçıların qərəzsiz və doğru məlumatları əsasında aparıla bilər.

Tədbirdə çıxış edən sahibkarlar bu cür görüşlərin bazar iştirakçıları üçün faydalı olduğunu bildiriblər. Qeyd olunub ki, təmsil etdikləri sahədə sahibkarları birləşdirən təşkilatların rolunun artırılması istehlakçılara göstərilən xidmətlərin daha keyfiyyətli olması üçün şərait yarada bilər.

Sahibkarlara satış zamanı istehlakçıların tam məlumatlanmasına, sifariş verilən məhsulların təhvil-təslim qaydalarına riayət olunmaqla təqdim edilməsinə və istehlakçı müraciətlərinin ətraflı araşdırılmasına diqqətin artırılması tövsiyə olunub.

VALYUTA ÇEVİRİCİSİ