ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidmətində akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların nümayəndələri ilə görüş keçirilib

Bildirilib ki, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində keyfiyyət infrastrukturu sahəsində göstərilən xidmətlərin elektronlaşdırılması məqsədilə yaradılmış "Keyfiyyət portalı" 2024-cü ilin aprelin 1-dən etibarən real rejimdə istifadəyə veriləcək.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "Keyfiyyət portalı"ndan istifadə qaydaları ilə bağlı 50-dən çox akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun nümayəndələri ilə görüş keçirilib.

Ölçmə vasitələrinin yoxlanılmasını, malın, işin, xidmətin, eləcə də idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını aparan qurumların və inspeksiya orqanlarının, o cümlədən sınaq laboratoriyalarının 80-dək nümayəndəsinin iştirak etdiyi tədbirdə standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, texniki tənzimləmə, metrologiya, akkreditasiya və ümumilikdə keyfiyyət infrastrukturu sahəsində işlərin səmərəli təşkili və xidmətlərin təkmilləşdirilməsi istiqamətində Dövlət Xidməti tərəfindən görülən işlər barədə məlumat verilib.

Görüş zamanı qeyd edilib ki, sözügedən sahədə xidmətlərin elektronlaşdırılması məqsədilə yaradılmış "Keyfiyyət portalı" cari ilin mart ayının 4-dən test rejimində fəaliyyət göstərir. Bu ilin aprelin 1-dən etibarən isə portal real rejimdə istifadəyə veriləcək. İlkin mərhələdə portal vasitəsilə ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələrin, ölçmə vasitələrinin kalibrlənməsi haqqında sertifikatların, yoxlama və kalibrlənmə nişanlarının, yararsızlıq haqqında bildirişlərin verilməsi, o cümlədən ləğv edilməsi, inspeksiya orqanının rəylərinin verilməsi, sınaq laboratoriyalarında aparılmış tədqiq (sınaq) nəticələrinə dair protokolun verilməsi və digər aidiyyəti xidmətlərin elektronlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, “Keyfiyyət portalı” Azərbaycanda texniki tənzimləmə, standartlaşdırma, metrologiya və akkreditasiya sahəsində rəqəmsallaşmanın təşkili üçün nəzərdə tutulub. Portal vasitəsilə keyfiyyət infrastrukturu sahəsində fəaliyyət göstərən qurumların bütün xidmətlərinə interaktiv keçidi və real vaxt rejimində müraciət imkanları təmin ediləcək.