Ticarət obyektləri hansı tələblərə cavab verməlidir?
Realizə olunan malların standartlara uyğunluğunu, keyfiyyətli və təhlükəsiz olmasını təmin etməklə yanaşı ticarət obyektlərinin özlərinin müəyyən olunan zəruri tələblərə cavab verməsi də vacib amillərdəndir. Bu məqsədlə ticarət, ictimai iaşə və digər növ xidmət obyektlərinin modernləşdirilməsi, texniki cəhətdən yenidən qurulması istehlakçıların hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Hər gün respublikada yeni-yeni obyektlər açılır, rekonstruksiya olunur və müştəriləri özlərinə cəlb etmək üçün müxtəlif təkmilləşdirmələrə əl atırlar.
İqtisadi İnkişa Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, bəzi obyekt sahibləri bu tendensiyadan kənarda qalmaqla həm fəaliyyətini müasir dövrün tələblərinə uyğunlaşdıra bilmir.
Təbii ki, istehlakçıların əksəriyyəti bu kimi obyektlərdən alış-veriş etməkdən qaçır. Ancaq bir sıra amillər, o cümlədən yaxınlıq və qiymətlərin nisbətən ucuzluğu hələ də bu obyektlərlərin işinə yarayır. İstehlakçılar bilməlidir ki, saxlama rejiminə əməl edilməməsi, mal qonşuluğu prinsipinin pozulması və s. kimi halların geniş vüsət alması həmin malların zəruri tələblərə cavab verməməsinin göstəricisidir. Ona görə də, belə obyektlərdən mal almamaq ən doğru qərar hesab oluna bilər. Belə olduqda həm öz sağlamlığımızın qayğısına qalarıq, həm də həmin obyektləri modernləşməyə məcbur edərik.
Ümumiyyətlə, modern ticarət, ictimai iaşə və digər xidmət obyektləri necə olmalıdır?
İqtisadi İnkişa Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti anoloji obyekt sahiblərinin nəzərinə çatdırır ki, modern ticarət, ictimai iaşə və digər xidmət obyektləri birinci növbədə geniş, səliqəli, yaxşı işıqlandırılan, gözəl dizayna malik, müasir avadanlıqlarla təchiz olunmuş olmalıdır. Mağazalar ən müasir soyuducu, dondurucu, anbarlama avadanlıqları, malların yığılma və saxlanması üçün müasir texnoloji yeniliklərlə təchiz olunmalıdır. Özünəxidmət obyektləri kifayət qədər inventar səbətləri, maqqaşlar və müştəriləri mal seçməsi üçün lazım olan qədər inventarlarla təmin edilməlidir. Məhsulların keyfiyyətli saxlama zəmanəti olmalı, keyfiyyətə ciddi nəzarət edilməli, saxlama, emal və satışın sanitar-gigiyenik normalarına ciddi nəzarət edilməli, yararlılıq müddəti keçməkdə olan malların satışına dair vaxtında tədbirlər görülməlidir. Eyni zamanda bu tip obyektlərdə adekvat sayda ştrix-kodları oxuma sistemilə təchiz olunan kassa qovşağının olması, bank terminallarının quraşdırılması və ödənişlərin kredit kartları vasitəsilə ödənilməsi imkanlarının yaradılması da vacibdir.
Bu tip obyektlərin strateji məqsədləri sırasında həmçinin kifayət qədər müxtəlif çeşiddə və yüksək keyfiyyətdə malların təklifi, istehlakçı üçün sərfəli qiymətlər, yüksək səviyyəli xidmət imkanları yer alır. Bundan əlavə, məhsulların alıcılara maksimal yaxınlığı, yayılma ərazisinin genişləndirilməsi də bu tip obyektlərin əsas hədəflərindən olmalıdır.
Bu obyektlərin imicini müəyyən edən faktorlardan biri də obyektin dizaynı ilə bağlıdır. Obyektlərin vitrinlərinin və piştaxtalarının tərtibatına, işıqlandırılmasına xüsusi diqqət yetirilməlidir. Ona görə də, obyekt sahibləri dizayna xüsusi fikir verməlidir. Standartlara görə, ticarət obyektlətində avadanlıqlar, təqdim olunan malların qarşısını almaması üçün hündür olmamalıdır. Kassaya yaxınlaşmaq rahatlığı nəzərə alınmalıdır. Bunun üçün bir qayda olaraq kassanın yeri alış-verişin qablaşdırılması yerilə bitişik olmalıdır.
Keyfiyyətsiz məhsulların geri qaytarma imkanı, əlverişli iş rejimi, təcrübəli və peşəkar heyət, personalın səliqəli uniforma ilə təmin olunması kimi məsələlər də bu obyektlər üçün zəruri sayılır. Bir çox hallarda istehlakçıların hüquqlarının pozulmasına satıcı, yaxud kassir-nəzarətçi personalının qeyri-peşəkar fəaliyyəti birbaşa təsir göstərir.
Qeyd edək ki, satıcılıq mədəniyyətinin yüksəldilməsi, normal satıcı-alıcı dialoqunun qurulması olduqca vacib məsələlərdəndir. Bu zərurətdən irəli gələrək, satıcılar və kassir-nəzarətçilər üçün təlim kurslarının təşkilini, marifləndirmə və təlimləndirmə tədbirlərinin davam etdirilməsi məqsədəuyğun hesab edilir.












