Sintetik yuyucu vasitə alarkən nələrə diqqət etməliyik?

11.01.2012

 

Sintetik yuyucu vasitələr parça, metal, şüşə, keramik və sair səthlərdən çirklənmə, ləkələrin təmizlənməsi üçün istifadə edilən çoxkomponentli birləşmələrdir. Bu vasitələr yüksək effektivliyə malik olub istehsalı təsərrüfat sabunu ilə müqayisədə daha ucuz xammala əsaslanır. Sintetik yuyucu vasitələr geniş çeşidliliyə malikdir və istehlakçılara müxtəlif məmulatların xüsusiyyətlərinə uyğun yuyucu vasitə əldə etməyə imkan verir.

Onlar suda yaxşı həll olur, suyun öncədən yumşaldılmasını tələb etmir, istənilən codluğa malik suda çirklənmələri asanlıqla aradan qaldırır, 20-30° С-də belə yuyucu təsir göstərir.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara xəbərdarlıq edir ki, sintetik yuyucu tozlarını alarkən diqqətli olmaq lazımdır. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, sintetik yuyucu maddələr təyinatına, tərkibindəki sintetik yuyucu maddənin növünə və konsistensiyasına görə sintetik yuyucu vasitələr müxtəlif cür təsnifləşdirilir. Təyinatına görə sintetik yuyucu vasitələr 6 alt qrupa bölünürlər. Bunlar universal, pambıq, kətan, yun və ipək, sintetik liflərdən hazırlanmış məmulatların yuyulması üçün, qabyuyanlar, mətbəx çanaqları, vanna, şüşələrin təmizlənməsi üçün nəzərdə tutulmuş yuyucu vasitələrdir.
İstifadə üsullarına görə yuyucu vasitələr yüksək köpükyaradıcı (normalaşdırılmayan) və zəif köpükyaradıcı (normalaşdırılan) növlərə bölünürlər. Yüksək köpükyaradıcı xüsusiyyətə malik yuyucu vasitələr əl və aktivator tipli yuyucu maşınlarda, zəif köpükyaradıcı vasitələr isə avtomat və yarımavtomat tipli maşınlarda yuma üçün nəzərdə tutulub.
Normativ–texniki sənədlərin tələblərinə əsasən, yuyucu vasitələrdə hidrogen ionlarının konsentrasiya səviyyəsi 7.5 – 11.5, fosfor duzlarının ümumi payı isə 22%-dən çox olmamalıdır. Yuyucu vasitənin yuyuculuq göstəricisinin 85%, ağardıcılığı 80%-dən aşağı olmasına yol verilmir.
Nəzərə almaq lazımdır ki, bu maddələr heç də sağlamlıq üçün tam təhlükəsiz deyildirlər. Məsələn, yuyucu vasitələrin tərkibinə daxil olan fosfatlar toksik və çətin yuyulan maddələrdir. Bu səbəbdən hər yuma zamanı məmulatın səthi axar su altında yaxşı yaxalanmalıdır. İstehlakçılara sintetik yuyucu vasitə alarkən, tərkibində fosfatların miqdarı 5%-dən artıq olmayan vasitələrə üstünlük vermələri tövsiyyə olunur.
Fosfatların xüsusi çəkisi məhsulun etiketi üzərində göstərilir. Sintetik yuyucu vasitənin etiketi üzərində həmçinin məhsulun adı, təyinatı, istehsalçı müəssisənin adı və ünvanı, təhlükəsiz saxlama, daşınma və istifadə qaydaları, əsas istehlak xassələri, məcburi sertifikatlaşdırılma haqqında məlumat, malın xalis çəkisi, həcmi və ya miqdarı, tərkibi, istehsal tarixi və yararlılıq müddəti, müvafiq normativ texniki sənədin nömrəsi, dövlət standartlarına uyğunluğunu təsdiq edən işarə və normativ-texniki sənədlərdə nəzərdə tutulmuş digər məlumatlar qeyd olunmalıdır.
Sintetik yuyucu vasitələrin etiketi üzərindəki mətn diqqətlə öyrənilməli, təhlükəsiz istifadə şərtləri, saxlama şərtləri və saxlama müddəti ilə bağlı tələblərə ciddi əməl olunmalıdır. Yuyucu vasitələrin etiketi üzərindəki mətn aydın və silinməyən hərflərlə yazılmalı, kimyəvi maddənin təsirinə davamlı olmalı, malın istifadə müddəti ərzində silinməməli, qablaşdırması hermetik olmalıdır. Bunlar istehlakçıya saxta malı orjinal yuyucu vasitədən ayırd etməyə imkan verən mühüm cəhətlərdir.
Yuyucu vasitələr alarkən istehlakçıların diqqət etmələri gərəkən digər bir məqam yuyucu vasitənin qoxusudur. Belə ki, əksər hallarda saxta məhsul istehsalçıları məhsulun pis qoxusunu, tərkibindəki xloru və digər maddələri gizlətmək üçün güclü ətirverici maddələrdən istifadə edirlər. Bu isə ciddi allergik reaksiyalara səbəb ola bilər. Bu səbəbdən istehlakçılara ətirverici maddələrdən az istifadə olunmuş və neytral qoxulu yuyucu vasitələrdən istifadə etmələri tövsiyyə edilir.
Yuyucu vasitələrin qeyd olunan mənfi təsirlərindən qorunmaq üçün istehlakçıların əlcəkdən istifadə etmələri məsləhətdir. Toz şəklində sintetik yuyucu əldə edərkən onun strukturunun dənəvər olmasına üstünlük verilməlidir. Belə ki, xırda toz şəklində olan yuyucu vasitələr nəfəs yollarına mənfi təsir göstərə bilər.
Yuyucu vasitələr uşaqların əli çatan yerlərdən kənarda, qaranlıq, quru, yaxşı havalandırılan, nisbi rütubətin 70 %-dən çox olmadığı yerlərdə mühafizə edilməlidirlər.
Sintetik yuyucu vasitələr uzun müddət saxlanıla bilər. Belə ki, tərkibində peroksid duzları olan yuyucu vasitələr 6-9 ay, kimyəvi ağardıcılar və ya bioəlavələr olan sintetik yuyucu vasitələr azı 9 ay saxlama müddətinə malikdirlər. Digər növ sintetik yuyucu vasitələrin saxlama müddətləri normativ sənədlərlə məhdudlaşdırılmır.
Qeyd edək ki, istehlakçılar unutmamalıdırlar ki, sintetik yuyucu vasitələr pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısına daxildirlər. Bu səbəbdən, istehlakçılar sintetik yuyucu vasitə alarkən diqqətli olmalı, uyğun olmayan vasitəni seçərsə malın dəyişdirilməyəcəyini bilməlidirlər. Satışda keyfiyyətsiz, markalanması normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan sintetik yuyucu vasitələrlə qarşılaşdıqda aidiyyəti üzrə dövlət orqanlarına müraciət etmək lazımdır.

hostgator coupon or play poker on party poker
Bütün Müəllif hüquqları © 2011 Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti üçün Qorunur.